“Mirage 2000-5” döyüş təyyarələri Ukraynaya nə qazandıracaq?| Daimi təchizat problemi aktualdır

2024/06/1719304053.jpg
Oxunub: 422     13:16     25 İyun 2024    
Fransanın Ukraynaya açıqlanmayan sayda “Mirage 2000-5” döyüş təyyarələri göndərəcəyini açıqlaması Kiyev üçün mühüm əhəmiyyət kəsb edir. Döyüş təyyarələri həm zərbə missiyalarında, həm də digər hava aktivlərinin qorunmasında iştirak edəcək.

Fransa prezidenti Emmanuel Makronun iyunun 6-da Fransanın TF1 televiziya kanalına canlı müsahibəsində təyyarə bağışlanması barədə açıqlaması bütün dünyanı heyrətləndirib. Lakin danışıqlar aylardır davam edirdi və Ukrayna prezidenti Volodimir Zelenski fevral ayında Parislə mümkün “Mirage” sazişindən danışmışdı.

“Dassault” təyyarəsi, Danimarka, Belçika, Norveç və Niderland tərəfindən bağışlanan ABŞ istehsalı F-16-lara qoşularaq, Ukrayna Silahlı Qüvvələri tərəfindən uçurulacaq ikinci Qərb döyüş təyyarəsi olacaq və təyyarələrin ilk partiyasının bu yay gəlməsi gözlənilir. Hər iki təyyarə növündən istifadə etməklə, Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) ehtiyatlarında hər iki modeldən olan Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Tayvanın güc strukturunu əks etdirəcək.


Ukrayna kimi Yunanıstanın da F-16 və “Mirage 2000” almadan əvvəl hava qüvvələrinin tərkibində qabaqcıl döyüş təyyarəsi yox idi, lakin o, iki istiqamətli modernləşdirmə planı çərçivəsində hər iki təyyarəni eyni ildə alıb. İlk “Mirage 2000” modelləri 1984-cü ildə, sonrakı modellər isə 1999-cu ildə NATO-nun Kosovo əməliyyatında xidmət göstərib.

Ukrayna Fransa Silahlı Qüvvələri üçün istehsal edilən 37 daha təkmil 2000-5 konfiqurasiyadan bəzilərini alacaq. Bu versiya “Thales” (keçmiş “Thomson-CSF”) “Radar Doppler Modele Y” (RDY) və ya “Radar Doppler Multi Target” radar dəsti də daxil olmaqla, bir sıra modernləşdirilmiş bort sistemlərinə malikdir. Təyyarə gücünü 14,500 lbs quru təkan gücünə və “afterburner”də (əlavə yanma, xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir-red.) 21,400 lbs gücə sahib tək bir SAFRAN/SNECMA M53-P2 turbofan mühərrikindən alır.

Yalnız daxili yanacaqla təchiz edilən təyyarə təxminən 1000 mil uçuş məsafəsinə malikdir, lakin həm də effektiv döyüş radiusunu iki qat artıran xarici yanacaq çənlərini daşıyır. Makron ukraynalı pilotların yayın sonuna qədər təlimlərə başlamasını təklif edib. “Mirage” pilotlarının hazırlığı adətən altı ay çəkdiyindən, ukraynalı pilotların ilin sonuna qədər bu reaktiv təyyarələri idarə etməyə başlaması mümkündür.


Lakin “Mirage”lar bir sıra əsas missiya sahələri üçün məntiqli seçim olsa da, Ukrayna bu təyyarələri müdafiəsinə daxil etməkdə çətinliklərlə üzləşəcək. Ukraynanın “Mirage” almaq qərarı ilə bağlı bir sıra problemlər var.

İkinci yüksək performanslı döyüş təyyarəsinin əlavə edilməsi, nəzəri olaraq, Ukrayna HHQ-də saxlanılan “Sukhoi Su-27” və “Mikoyan MiQ-29”un mövcud “yüksək-aşağı qarışığı”nın davamıdır. Bununla belə, Sovet dövründən qalma bu iki təyyarə ümumi bort sistemlərindən və vahid sənaye bazasından dizayn edilərək istehsal edilib, ABŞ və Fransa istehsalı olan döyüş təyyarəsinin eyni qüvvədə birləşdirilməsi çətinliklər yaradır.

Onlardan biri “Mirage”ləri dəstəkləməyin daha çətin olacağıdır. NATO-nun tərkibində yaxın keçmişdə və ya hazırda F-16-lardan istifadə edən 9 ölkə var, yəni həm təlimatçı pilotların, həm də quru ekipajı və texniki personalın hazırlanması üçün lazım olan ekspertlərin daimi təchizatı var. Bununla belə, “Mirage 2000”ni dəstəkləyəcək pilot və texnikləri hazırlaya bilən hərbi qulluqçu və ya podratçılara malik NATO ölkələri Yunanıstan və Fransa ilə məhdudlaşır.

Afinanın “Rafale”ni “Dassault”dan daha yaxın bir zamanda satın alması səbəbindən Yunanıstan HHQ də bir sual işarəsidir. Yunanıstanın öz reaktiv təyyarələrinə xidmət etmək üçün “Mirage”a bələd olan və Ukrayna proqramını dəstəkləmək üçün yetərli sayda olmayan personala ehtiyac duyula bilər.


Ukraynanın Rusiya istehsalı olan “MiQ-29” və ya “Su-27” əməliyyatları üçün istifadə edilən hava limanının F-16 və ya “Mirage 2000” bazasına çevrilməsi üçün əhəmiyyətli dərəcədə yenidən konfiqurasiya edilməsi lazım olacağından bazalanma bir başqa problem halına gələcək. Bundan əlavə, çoxsaylı qırıcı təyyarələri idarə edən hava qüvvələri bu təyyarələri ayrı-ayrı obyektlərdə saxlamağa meyllidir.

Təqaüddə olan USAF polkovniki Ceffri Fişer ötən həftə “Newsweek”ə verdiyi açıqlamada Ukraynanın “Mirage” alma qərarının uzun müddətdir davam edən “Ukrayna üçün yalnız F-16” mövqeyindən bir qopma olduğunu və bu mövqenin tək bir platformanın [tək bir təlim, logistika və texniki xidmət xətti] faydasını ən üst səviyyəyə çıxarmaq üzərində qurulduğunu deyib.

Fişer Ukraynaya ikinci Qərb qırıcısının əlavə edilməsi ilə bağlı çoxsaylı çətinliklərin olacağını etiraf edib, lakin qərarın başqa mülahizələrə əsaslandığını bildirib. “Signal” kanalı vasitəsilə yayıma verdiyi açıqlamada o qeyd edib: “Ukraynanın ikinci döyüş təyyarəsi almasının riskli olduğuna inansam da, onların bunu niyə etdiklərini də anladığımı düşünürəm. Bayden administrasiyası F-16 tədarüklərini o qədər yavaşlatdı ki, Zelenski “kifayət qədər şeyə” sahib oldu və ikinci Qərb qırıcı təyyarəsi qabiliyyətinin yaradılması ilə bağlı riski öz üzərinə götürməyə hazırdır”.

Bu çətinliklərin öhdəsindən gəlmək mümkün olsa, “Mirage” Kiyevin müdafiəsinə bir sıra üstünlüklər verəcək. İlk növbədə, bu reaktiv təyyarələr hazırda Ukraynaya verilən Fransa istehsalı silahlardan daha səmərəli istifadə edəcək. Ukraynanın inventarında potensial olaraq iki fərqli döyüş təyyarəsi olmasıyla Kiyev artıq bu təyyarələrdən müxtəlif missiyalar üçün istifadə etmək çevikliyinə də sahib olacaq.

Ukrayna bundan əvvəl Fransa və Böyük Britaniyadan uzun mənzilli MBDA SCALP EG və “Storm Shadow ALCM” raketləri almışdı.


Britaniya-Fransa şirkəti Ukraynanın “Sukhoi Su-24” bombardmançı təyyarəsini orijinal olaraq “PanAvia Tornado” üçün inşa edilən silah asqılarını Rusiya istehsalı təyyarə korpusuna interasiya edərək, sadəcə bir neçə həftə ərzində bunları buraxacaq şəkildə uyğunlaşdıra bilib. Bu raketlər nəinki “Mirage 2000”in normal silah təchizatının bir hissəsini təşkil edəcək və bu raketlərin daha geniş missiyalarda istifadəsinə imkan verəcək, həm də təyyarə “SAFRAN Armement Air-Sol Modulaire (AASM) Hammer” daşıya bilər.

Uzun mənzilli dəqiq idarə olunan sürüşmə bombası olan bu silah da əvvəllər Ukraynaya tədarük edilib. “Mirage”ın “Thales” özünü qoruma paketinin Ukrayna “Su-24”ünün EW sistemindən çox daha üstün olduğu və daha kiçik Fransa təyyarəsinin daha aşağı RCS-i nəzərə alındıqda, “Mirage” daha böyük “Su-24”ün rədd etdiyi sahələrdə fəaliyyət göstərə bilər. Bu, SCALP EG və AASM hücumlarının Rusiya ərazisinə indiyə qədər mümkün olduğundan daha dərindən həyata keçirilməsinə imkan verəcək.


“Mirage 2000-5” tərəfindən istifadə edilən digər silahlardan biri də ABŞ istehsalı olan “Raytheon” AIM-120 AMRAAM-ın funksional ekvivalenti olan MBDA MICA-RF/EM “hava-hava” raketidir (AAM). “Breaking Defense”ə danışan təqaüddə olan fransız sınaq pilotu deyib: “MICA raketi bəzən iki silahın reklam edilən “effektiv mənzili”nin müqayisəsi əsasında nəzərdən qaçırılır. MICA-nın nişanalma zərfi cəmi 80 km olaraq qeydə alınıb, bu da AMRAAM-ın yarısından bir az daha çoxdur. Ancaq ABŞ şirkətlərinin sizə söyləmədiyi şey AIM-120-nin öncəki modellərinin əksəriyyətində maksimum mənzildə öldürmə ehtimalının ən yaxşı ehtimalla 0,59 olduğu, MICA-nın 80 km-dəki Pk-sının isə 0,9 olduğudur”.

Potensial “hava-hava” missiyasına gəldikdə, “Breaking Defense”ə danışan üç keçmiş “Armée de l'Air” sınaq pilotu “Mirage 2000-5”in radar imkanlarının ona F-16 üzərində üstünlük verdiyinə inandıqlarını vurğulayıb. Pilotlar “Mirage”ın “Radar Doppler modele Y” (RDY) və ya “Radar Doppler” Çoxlu Hədəf xüsusiyyətinin “hava-hava” performansı baxımından həm F-16-nın “Northrop Grumman” AN/APG-68, həm də F/A-18C/D-nin “Raytheon” AN/APG-65 radar dəstlərindən üstün olduğunu söyləyiblər.

Sınaq pilotlarından biri 1990-cı illərdə “Dassault Rafale”nin orijinal radarı olan “Radar à Balayage Electronique 2 plans” (RBE2) PESA dəstinin inkişaf etdirilməsində yer alıb.

O qeyd edib ki, RDY mexaniki idarə olunan radar olsa da və radioelektron darama antenası ilə təchiz olunmasa da, “hava-hava” zərfində hətta RBE2-dən bir çox cəhətdən üstündür. Pilot bunun səbəbinin çoxfunksiyalı olaraq dizayn edilən RBE2-dən fərqli olaraq, RDY-nin “hava-hava” missiyaları nəzərə alınaraq dizayn edilməsi olduğunu deyib: “Buna görə də, “hava-yer” missiya profillərinə uyğunlaşmaq üçün “hava-hava” performansında güzəştlər edildi”.


Eyni sınaq pilotları onu da əlavə ediblər ki, RBE2-nin ən son AESA versiyası “Rafale”nin F4 və F5 proqram versiyalarında təkmilləşdirmələrlə birlikdə 30 il əvvəl mövcud olan performans boşluğunu aradan qaldırır. Bununla belə, [Mirage] RDY öz nəslinin ən yaxşı radarlarından biri olaraq qalır. Kosovo və Bosniyadakı əvvəlki çoxmillətli əməliyyatlarda “Mirage 2000” MICA AAM-ın aktiv radar təyinat variantının effektivliyinə görə ISR platformaları üçün yüksək hündürlükdə müşayiətçi kimi istifadə edilib.

Maraqlıdır ki, İsveçin Ukraynaya təqdim etdiyi son hərbi yardım paketinə 2 ədəd “Saab 340” havadan erkən xəbərdarlıq və idarəetmə təyyarəsi (digər adıyla ASC 890) daxildir. “Mirage” bu havadan idarəetmə platformalarını dəstəkləmək üçün müşayiət missiyası üçün məntiqi seçim olacaq.

“Saab 340”ları təhdid edə biləcək üç Rusiya təyyarəsi “MiQ-31BM”, “Su-35S” və “Su-30SM”dir ki, bunların hamısı 160 km-lik nişanalma zərfinə malik olan R-37M AAM-ı daşıyır. “Mirage 2000-5”in RDY radarına və MICA-RF/EM AAM kombinasiyasına malik olmaq Fransa təyyarəsini Ukrayna üçün əsas “hava-hava” və havadan müdafiə platformasına çevirəcək.


Əgər “Mirage”lar “Saab 340”larla məlumat əlaqəsi qura bilsələr, “Dassault” qırıcıya daha uzun mənzilli hava məkanı təsviri və hədəf məlumatları təqdim edə bilər ki, bu da “Saab 340”ı təhlükəsiz saxlamağa və ümumilikdə daha çox ISR təmin etməyə kömək edə bilər. F-16-lar və ya “Mirage”lar əməliyyata hazır vəziyyətə gələnə qədər Pilotsuz Uçuş Aparatı (PUA) hücumları Ukraynanın Rusiya ordusuna qarşı ən təsirli hücum elementi olaraq qalır.

Ukrayna hökuməti təkcə 2024-cü ildə 1 milyon ədəd ən ucuz FPV tipli hücum PUA-ları istehsal etməyi planlaşdırır. Bu rəqəm Aİ-nin son 12 ayda tədarük etdiyi artilleriya mərmilərinin miqdarından iki dəfə çoxdur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirage-2000-5   Ukrayna   HHQ   Rusiya   Fransa  


Bizi "telegram"da izləyin